Zaxarova Paşinyanın KTMT-yə qarşı səsləndirdiyi ittihamlarına cavab verdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-nin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
O, N.Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı KTMT-nin iki ölkəsinin Ermənistana yardımı imitasiya etdiyi bəyanatına istehza ilə cavab verib:
“Sevgilim, sevgilim, özün tap..." sözləri olan mahnı yadıma düşür. Mənə maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hansı ölkələrdən danışır? Söhbət belə ciddi bəyanatlardan gedirsə, adı açıqlamaq tamamilə məntiqli olardı. Rusiya əlindən gələni etdi ki, Ermənistan özünü tərk edilmiş və unudulmuş hesab etməsin.
Mən, düzünü desəm, Ermənistan Baş nazirinin hansı ölkələri nəzərdə tutmasında maraqlıyam. Biz özümüz təxmin etməliyik, yoxsa bizə sonra söyləyəcəklər? Biz bunu rəsmi İrəvanın öhdəsinə buraxırıq.
O ki qaldı Rusiyaya, o, müharibənin dayandırılması üçün hər şeyi edib. Qarabağda ikinci müharibənin başa çatması ehtimalı 2020-ci ilin oktyabrında olub. Lakin Ermənistanın Baş naziri hərbi əməliyyatları davam etdirməyə üstünlük verib. Bunun nəyə gətirib çıxardığını da hamı bilir”.
Qeyd edək ki, çıxışı zamanı M.Zaxarova İkinci Qarabağ müharibəsinin gedişatında və ondan sonra Moskvanın atəşkəslə bağlı Bakı və İrəvan arasında aparılan danışıqlar prosesini xüsusilə xatırladıb. O vurğulayıb ki, Rusiya daima regionda sülh və əmin-amanlığın tərəfdarı kimi səy göstərib.