Azərbaycan XİN hazırda İranda olan vətəndaşlarımıza müraciət etdi - Baku TV
“İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb”.
Belə bir açıqlama ilə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə çıxış edib.
Onun sözlərinə görə, böhran vəziyyətinə uyğun olaraq bölgədə yerləşən səfirliklər və baş konsulluqlar fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.
“Vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir. İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb. Ona diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir, vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyəsinə gəldikdə isə indiki məqamda Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur”, – deyə açıqlamada bildirilib.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.
Qeyd edək ki, indiyədək İrandan 30 nəfər Azərbaycan, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.
