Beynəlxalq Parlament Konfransı iştirakçılarının Qarabağa səfəri başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq Parlament Konfransının iştirakçıları dekabrın 8-də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.
Nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Polad Bülbüloğlu, Əhliman Əmiraslanov, Səməd Seyidov, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Füzuli şəhərinə gələn Beynəlxalq Parlament Konfransının iştirakçıları burada erməni barbarlığının izləri ilə tanış olublar. Qonaqlara Füzulidə görülən və görüləcək işlər, Füzuli şəhərində inşa edilən yaşayış məhəlləsi barədə də məlumat verilib.
Daha sonra qonaqlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzinə yola düşüb, Bülbülün ev-muzeyi və qala divarları ilə tanış olublar.
Parlamentarilər “İsa Bulağı”na və “Xan qızı” bulağına da baş çəkiblər. Sonra qonaqlar Xankəndi şəhər meydanı və buradakı Qarabağ Universiteti ilə tanış olublar.
Qonaqlar son olaraq Xocalıya yola düşüblər. Səfər iştirakçılarına ermənilərin burada törətdikləri vəhşiliklər, Xocalı soyqırımı, işğaldan azad edildikdən sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.
