Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında son görüşlərdən irəli gələn məsələlər nəzərdən keçirilib.
Bununla yanaşı, son həftələrdə iki ölkə arasında Baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib. İki ölkə arasındakı münasibətlərin tam normallaşması üçün atılması zəruri olan addımlar müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülən sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, Ermənistanın Qarabağda yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatırlanıb. Onların ərazilərimizdən çıxarılmasının və tərk-silah edilməsinin zəruri olduğu bildirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
