Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV
Vedi kəndi Çar Rusiyası dövrü və SSRİ illərində Böyük Vedi adlanıb.
Kənd bir neçə əsr ərzində Böyük Vedi adını daşıyıb. 1946-cı ilin aprelində kəndin adı Vedi olaraq dəyişdirilib. 1963-cü ildə kəndə şəhər tipli qəsəbə statusu verilib.
1995-ci ildə Vedi şəhər statusu alıb və Ermənistan Respublikasının Ararat vilayətinin tərkibinə daxil olub.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Vedibasar mahalının tərkibində olub.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə, 2000 nəfərə yaxın azərbaycanlı Böyük Vedi kəndindən Azərbaycanın müxtəlif rayonlarına deportasiya olunub.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə məscidin xarabalıqları aşkar edilib.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.
