Fələstinin Baş naziri Prezident İlham Əliyevin qəbulunda
Prezident İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.
Dövlət başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırlayıb.
Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə edib. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib.
Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi "İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans"ın və "Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı"nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) vasitəsilə də Fələstinə yardım etdiyi vurğulanıb.
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirilib. Baş nazir bunlara görə dövlət başçısına minnətdarlığını bildirib.
Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Fələstinin Baş naziri Azərbaycanda | Səfərdə diqqətçəkən məqamlar - Baku TV
- Tramp İlham Əliyevin sözlərinin yer aldığı məqaləni “Truth Social”da paylaşdı - Baku TV
- İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi - Baku TV
- Prezident İlham Əliyevin ABŞ siyasəti: Bakı-Vaşinqton münasibətlərində yeni dövr başlayır?
- Prezident Fələstinin Baş naziri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
