İlham Əliyev Çin Dövlət Şurasının Baş nazirinin müavinini qəbul etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.
Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyib və ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb.
O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox məzmunlu olduğunu deyib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirib.
Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırladıb, münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib.
O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirib. Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Can Quoçin qeyd edib ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu dəstəkləyir.
Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırlayıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Dövlət başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğulayıb ki, Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
