Qərbi Azərbaycan İcmasından beynəlxalq ictimaiyyətə müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə deyilir: “Təlatümlü XX əsrdə etnik azərbaycanlılar Ermənistanın amansızcasına ağlasığmaz vəhşiliklərinə, deportasiyalara və müxtəlif təqiblərə məruz qalıb. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması onların vaxtilə öz ata-baba yurdlarından izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli sonu oldu. Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi.
Azərbaycanlılara qarşı misli görünməyən bu ədalətsizliyə dünya ictimaiyyəti açıq-aşkar ikili standartlar nümayiş etdirir. Məcburi köçkünlük, təqib və qırğınlarla üzləşən azərbaycanlıların acınacaqlı taleyini rahatlıqla unudanlar, diqqəti Qarabağda yaşayan ermənilərin əslində mövcud olmayan və uydurma potensial problemlərinə yönəltməyə cəhd göstərirlər.
Narahatlıq yaradan saxtakarlıqlardan biri də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisini sanki müstəsna olaraq ermənilərə aidmiş kimi göstərmək cəhdləridir. Ermənilər üçün eksklüzivlik mənzərəsi yaratmağa çalışan bu cür aldadıcı bəyanatlar yalnız ədalətsizliyin və bölücü yanaşmanın davam etdirilməsinə xidmət edir. Belə bir mövqe Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərini dəstəkləyir, ədalətsizliyin tüğyan etməsinə və Azərbaycan xalqına qarşı zülmün davam etdirilməsinə şərait yaradır.
Bu imtiyazlı münasibətdən cəsarətlənən Ermənistan qovulan azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu inkar edərək öz təkəbbürünü davam etdirir. Onlar məcburi qovulmanı həyasızcasına “könüllü” adlandıraraq azərbaycanlı qaçqınları Ermənistana geri qayıtmaqla bağlı fundamental hüquqlarından məhrum etməyə cəhd edirlər.
Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqdan Ermənistanın israrla imtina etməsi, İcmanın haqlı mübarizəsini “ərazi iddiası” kimi qələmə verməsi bu dövlətin monoetnik siyasətdən əl çəkməməsi və azərbaycanofobiyanın daha bir narahatedici sübutdur.
Azərbaycanlıların didərgin düşməsi bəşəriyyətin nə dərəcədə rəhmsiz və biganə ola biləcəyinin dəhşətli bir sübutudur. Azərbaycan xalqına vurulan yaralar dünyanı öz ikili standartlar maskasını yırtmaq və bu dəhşətli ədalətsizliklərə mərdi-mərdanə sinə gərmək üçün meydana səsləyir.
Beynəlxalq ictimaiyyətin öz davranışı barədə götür-qoy etməsinin, selektiv yanaşmasını aradan qaldırmasının, həqiqətən də ədalət və insan hüquqlarının müdafiəsinə qalxmasının vaxtı çoxdan çatıb. Yalnız bu halda biz ayrı-seçkiliyi rədd edən, həqiqi sülh və barışığa qucaq açan ədalətli və hər kəsi ağuşuna alan dünyaya ümid edə bilərik”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
