Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 6-da Suriya Ərəb Respublikasından 6 qadın, 7 uşaq olmaqla 13 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
“Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, onların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub. Daha sonra Azərbaycanın Suriyadakı və Türkiyədəki səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hökumət tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – deyə nazirliyin məlumatında qeyd olunub.
