
Azərbaycan Respublikasının Goranboy rayonu
Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə Azərbaycanın qərb bölgəsində yerləşməklə, şimal-şərqdən Yevlax, cənubi-şərqdən Tərtər, cənubi-qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal-qərbdən Samux rayonları ilə həmsərhəddir. Rayon Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşməklə, səthi şimala doğru alçalan dağlıq və düzənlikdir. Cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhatə edir.
Tarixi
Rayon inzibati ərazi vahidi kimi 1930-cu ildə yaradılsa da, Goranboy çoxəsrlik zəngin tarixə malik yaşayış məskəni kimi Azərbaycanın qədim yurd yerlərindən biridir. Goranboy rayonu tarixi İpək yolunun üzərində yerləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynamış, bəşər sivilizasiyasına öz töhfələrini vermişdir. V-VII əsrlər Alban məbədləri, IX-XII əsrlər Şətəl şəhər və Gülüstan qalaları bunu bir daha təsdiq edir.
Tarixi müqavilələr
Azərbaycan tarixində siyasi əhəmiyyət kəsb edən 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay və 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış Gülüstan müqavilələri rayonun ərazisində imzalanmışdır.
Əhalisi və iqtisadiyyatı
Rayonun ərazisi 1760 kv.km, əhalisi 109.695 min nəfər, əhalinin sıxlığı 56,14 nəfər/kv.km-dir. Rayonda 87 yaşayış məntəqəsi vardır, onlardan 2-i şəhər, 6-sı qəsəbədir. Rayon əhalisi suvarma əkinçiliyinə əsaslanan kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələri ilə məşğul olur. Müalicəvi xassələrə malik olan Naftalan nefti əsəb, ginekologiya, urologiya və dəri xəstəliklərinin müalicəsi üçün bütün dünyada məşhurdur.
Qarabağ savaşında rolu
Goranboy rayonu əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, 288 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.