Robot əl incə və mürəkkəb hərəkətləri yerinə yetirə bilir
Robot texnologiyasında maraqlı yenilik baş verib. Çində hazırlanmış “OmniHand 3 Ultra” adlı robot əl ənənəvi ipək tikmə sənətinin əsas hərəkətlərini yerinə yetirməyi öyrənib.
Robotun hazırlanmasında məqsəd onun sadəcə əşyaları tutması deyil, insan əlinin tələb etdiyi daha incə və mürəkkəb hərəkətləri də yerinə yetirə bilməsidir.
Bu məqsədlə robot ipək tikmə ustasından xüsusi təlim alıb. Robot əvvəlcə ipək sapını hazırlayır, iynəyə sap keçirir, parçanı xüsusi halqaya yerləşdirir və daha sonra iynə ilə ardıcıl tikmə hərəkətləri həyata keçirir.
Bu proses robot üçün olduqca mürəkkəbdir. Çünki ipək sap çox nazik və sürüşkəndir, asanlıqla dolaşa və formasını dəyişə bilir. Robotun barmaqlarında yerləşdirilən sensorlar isə sapla təmas zamanı tətbiq olunan qüvvəni hiss etməyə və hərəkətləri daha dəqiq idarə etməyə imkan verir.
Mütəxəssislər hesab edirlər ki, bu texnologiya robotların gələcəkdə tikiş, elektronika yığımı və digər yüksək dəqiqlik tələb edən işlərdə istifadəsi üçün mühüm addım ola bilər. Bununla belə, robotun hələ peşəkar insan ustanın səviyyəsində tikmə bacarığına çatdığı deyilmir.
