AZAL-ın qəzaya düşən təyyarəsindəki sərnişinlərin vəziyyəti necədir?
Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri araşdırılır. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir və Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür.
Məlumatda qeyd olunub ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Sağ qalanlar arasında vəziyyəti ağır olanlar var.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq faciəvi qəza ilə əlaqədar fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı da verib. Bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib.