Dostları gülə-gülə dedilər ki... | Şəhid Ülvi Mikayılovun son istəyi nə idi?
Baku TV-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun evindən reportaj efirə gedib.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalına layiq görülən şəhid Ülvi Mikayılovun atası Bəhruz Mikayılovun sözlərinə görə, oğlu şəhid olacağını əvvəlcədən hiss edibmiş:
“Oğlum hərbi xidmətə yollanandan bir ay sonra onun görüşünə getmişdim. Orada əsgər yoldaşları ilə birlikdə çay süfrəsində əyləşəndə dostları gülə-gülə dedilər ki, Ülvi gələndən şəhid olacağını deyir. Şəhid olmamışdan bir ay öncə yenə də əsgər yoldaşlarına şəhid olacağını söyləyib. Nənəsinə də deyib ki, əgər şəhid olarsa, onu Füzulidə, babasının yanında dəfn edək. Bizə ikinci vəsiyyəti isə belə olmuşdu ki, şəhid olarsa, doğma Füzulimizdə yaşayaq. Oğlumun hər iki vəsiyyətini yerinə yetirdim”.
B.Mikayılov onu da söyləyib ki, şəhid olduqdan sonra həmişə oğlunu yuxuda gülərkən görüb: “Bir gün dostum mənə Ülvini yuxuda gördüyünü dedi. Yuxusunda oğlum ona “atama söylə, çox ağlamasın, mən cənnətdəyəm” deyib. Şəhid olandan 6-7 dəfə oğlumu yuxumda görmüşəm. Gəlir, ancaq əhvalımı soruşur, üzümdən öpür, hər dəfə də “özündən muğayat ol” deyir”.