Həm özəl, həm dövlət xəstəxanalarında pulsuz müalicə ala biləcəksiniz
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır.
Bu barədə Baku TV-yə açıqlamasında İcbari Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova məlumat verib.
O bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası müayinəsi daxildir.
L.Lətifova əlavə edib ki, qlaukoma xəstəliyinin stasionar terapevtik müalicəsi və göz təzyiqinin azalmasına yönəlik (antiqlaukomatoz) əməliyyatlar da icbari tibbi sığorta tərəfindən qarşılanır.
Qeyd edilən müayinə metodları və əməliyyatlardan istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.