Ombudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət edib
İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyeva və Ombudsman Aparatının nümayəndələri azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birini ziyarət ediblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, buradakı tibb məntəqəsi, əsgər yataqxanası, yeməkxana və digər obyektlərə baxış keçirilib, şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıq olub.
Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması, eləcə də ideoloji işlə bağlı icra edilən tədbirlər barədə məlumat verilib.
Daha sonra Səbinə Əliyeva hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edib. Ombudsman Aparatının nümayəndələri şəxsi heyətlə birgə nahar edib, onlarla fərdi qaydada söhbətlər aparıb və qayğıları ilə maraqlanıblar.