"Mənə qanun maraqlı deyil!" - Klinikada qalmaqal: "Tutdum qızın saçından, atdım çölə!" - Baku TV
Nərimanov rayonu ərazisində yerləşən “Laçın Dental Clinic”də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyeva adlı şəxsin stomatoloji fəaliyyət göstərməsi ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət daxil olub.
Kanalın çəkiliş qrupu məsələni araşdırmaq üçün klinikaya yollanıb. Müxbir Aytən Verdiyeva tərəfindən müayinə olunub, daha sonra isə ondan tibbi təhsili barədə məlumat istəyib. Lakin o, suallara cavab verməkdən imtina edib.
Çəkiliş qrupu daha sonra digər adıçəkilən həkim – Aynur Dəmirovanın fəaliyyət göstərdiyi “Dental Butik” estetik klinikasına yollanıb.
Klinikanın qanun çərçivəsində fəaliyyət göstərdiyi bildirilsə də, suallara cavab vermək və tibbi təhsili təsdiq edən sənədləri təqdim etməkdən imtina edilib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində Verdiyeva Aytən Novruz qızı adlı həkim-stomatoloq və Aynur Dəmirova adlı şəxs aşkar edilməyib. Hazırda Analitik Ekspertiza Mərkəzinin e-sistemində hüquqi adı “Laçın Klinikası” və “Dental Butik” olan özəl tibb müəssisəsi mövcud deyil.
