Telefon və internet sizi necə cinayətkarların hədəfinə çevirə bilər? - Baku TV
Hazırda Azərbaycanda törədilən cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilir.
Baş prokuror Kamran Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, söhbət yalnız kibercinayətkarlıqdan deyil, süni intellektdən istifadə edilməklə törədilən cinayətlərdən də gedir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Kamran Kərimovun sözlərinə görə, cinayətkarların texnologiyaya yönəlməsinin əsas səbəbi insanların və maliyyə resurslarının böyük hissəsinin rəqəmsal mühitə keçməsidir.
O qeyd edib ki, süni intellekt cinayətkarların fəaliyyətini daha sürətli, ucuz və inandırıcı edir:
“Əvvəllər dələduzlar bir gün ərzində 10 nəfərə zəng edə bilirdisə, süni intellekt onların qısa müddətdə minlərlə, hətta yüz minlərlə insana müraciət etməsinə imkan verir”.
Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə şəxsi məlumatların açıq paylaşılması da cinayətkarların işini asanlaşdırır.
“Problem yalnız texnologiyanın çoxalması deyil. Əsas məsələ texnologiyanın cinayətkarlara daha geniş auditoriyaya daha yüksək sürətlə və daha inandırıcı formada çıxış imkanı verməsidir”, – K.Kərimov vurğulayıb.
#Kamran Kərimov teqi istifadə olunub
