Ağ Ev: “Ukrayna üzrə planın əksər bəndləri üzrə razılıq əldə olunub”
ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlarda Vaşinqtonun təqdim etdiyi 28 maddəlik tənzimləmə planının böyük hissəsi üzrə razılığa gəlib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti amerikalı tərəfdaşları ilə birlikdə sənəddəki formulyarların üzərində işləyib.
“Hamı Cenevrdə dünən baş verənlər barədə çox pozitivdir. Konsultasiyalarda ABŞ və Ukrayna tərəfi planın bütün 28 bəndini müzakirə etdi və onların böyük əksəriyyəti üzrə razılıq əldə olundu”, ‒ K.Livitt bildirib.
Mətbuat katibi vurğulayıb ki, danışıqların nəticələri ABŞ Prezidenti Donald Trampla və dövlət katibi Marko Rubio ilə də ətraflı müzakirə olunub.
“Bu səbəbdən vəziyyətin hazırda çox yaxşı olduğunu düşünürük. Əlbəttə, bütün bəndlərin yekun razılaşdırılması hələ təmin edilməlidir”, ‒ o əlavə edib.
Qeyd edək ki, 23 noyabrda ABŞ və Ukrayna Vaşinqtonun təqdim etdiyi “sülh planı” üzrə Cenevrdə növbəti məsləhətləşmələr aparıb. ABŞ tərəfi Ukraynanın Avropa İttifaqına inteqrasiyası və NATO-ya üzvlüyü ilə bağlı bəndlərin ayrıca danışıqlar formatına keçirilməsinə razılıq verib.
Daha əvvəl verilən məlumata görə, son məsləhətləşmələrdən sonra planın bəndlərinin sayı 28-dən 19-a endirilib.
#ABŞ teqi istifadə olunub
