Almaniyalı nazirdən qalmaqallı açıqlama | ABŞ-dəki seçki Ukraynaya dəstəyi azalda bilər?
“Almaniya ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Ukraynanın müdafiəsini dəstəkləməyə davam edəcək”.
Bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok Kiyevdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
A.Berbok ABŞ-dəki seçkilərin nəticələrinin Almaniya üçün əhəmiyyət kəsb etmədiyini vurğulayıb. O bildirib ki, Almaniya Ukraynanın müdafiəsinə sərmayə qoymaqla öz müdafiəsinə də sərmayə yatırır.
Nazir ABŞ-dəki seçkilərin nəticələrinin nə olacağını bilmədiklərini, lakin beynəlxalq məsuliyyət kontekstində səyləri birləşdirmək lazım olduğunu qeyd edib.
O, Almaniyada bəzi insanların Ukraynanı dəstəkləməkdə şübhələri olduğunu, lakin Almaniyanın böyük bir ölkə olaraq məsuliyyətini bildiyini vurğulayıb:
“Siz tək deyilsiniz. Dünyada bu dəqiqə ən güclü dostlarınız və tərəfdaşlarınız var. Biz sizə dəstək olmağa davam edəcəyik, çünki siz Avropadakı azadlığımız uğrunda mübarizə aparırsınız”.