Baydendən aranı qarışdıran addım | Ukraynadakı müharibə daha da qızışır?
ABŞ Prezidenti Co Bayden Ukraynaya piyada əleyhinə minaların tədarükünü təsdiq edib.
Bu barədə “The Washington Post” rəsmi şəxslərə istinadən məlumat verib.
Bu qərar Kiyevin müdafiəsini gücləndirmək məqsədi daşısa da, bir sıra silahlara nəzarət qrupları tərəfindən tənqid edilib.
Minaların tədarükü Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS raket sistemindən istifadəsinə icazə verilməsindən dərhal sonra baş verib. Ağ Ev hesab edir ki, minalar Rusiya qüvvələrinin irəliləməsini ləngidəcək.
Administrasiya nümayəndələrinin sözlərinə görə, söhbət daimi olmayan minalardan gedir ki, bunlar da şarj müddəti bitdikdən sonra məhv və ya deaktiv olur.
Ukrayna sözügedən minaları insanların sıx məskunlaşdırılmış ərazilərində istifadə etməyəcəyinə dair təminat verib. Qərar mübahisələrə səbəb olub, çünki 160-dan çox ölkə piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasını imzalayıb. Lakin ABŞ və Rusiya bu konvensiyanın iştirakçısı deyil.
Bayden əvvəllər belə minaların Koreya yarımadasından kənarda istifadəsini qadağan etsə də, daha sonra Donetsk vilayətində döyüşlərin güclənməsi səbəbindən yanaşmasını dəyişib.