Böyük Britaniya niyə 2030-cu ilə hazırlaşır? - Baku TV
Böyük Britaniya mümkün hərbi qarşıdurmaya hazırlıq çərçivəsində 2030-cu ilə qədər yarana biləcək təhlükələr barədə xəbərdarlıq edib.
Politoloq Oqtay Qasımov Baku TV-yə açıqlamasında bildirib ki, Avropa ölkələri 2022-ci il fevralın 24-dən sonra təhlükəsizlik siyasətlərinə yenidən baxmağa başlayıb.
Onun sözlərinə görə, Ukraynada müharibənin başlaması Avropanın onilliklər ərzində formalaşmış təhlükəsizlik arxitekturasına ciddi zərbə vurub. ABŞ-nin Avropanın müdafiəsindəki roluna dair qeyri-müəyyənlik də qitə ölkələrini öz hərbi imkanlarını gücləndirməyə sövq edir.
Oqtay Qasımov bildirib ki, Britaniya Ukraynaya hərbi və digər yardımlar göstərən əsas ölkələrdən biridir. Rusiya ilə münasibətlərdə uzun illərdir davam edən gərginlik, casusluq qalmaqalları və digər qarşıdurmalar da Londonun təhlükəsizlik siyasətinə təsir göstərir.
Politoloqun fikrincə, Britaniya digər Avropa ölkələri kimi hərbi strategiyasını yenidən nəzərdən keçirir. Bununla yanaşı, ABŞ ilə münasibətlərdəki ziddiyyətlər və Vaşinqtonun Avropaya yanaşması ilə bağlı narahatlıqlar da qitənin təhlükəsizlik gündəliyində mühüm yer tutur.
Onun sözlərinə görə, Britaniya hökumətinin əhalini fövqəladə hallar üçün 3 günlük ərzaq və su ehtiyatı saxlamağa çağırması da cəmiyyətin mümkün böhranlara hazırlanması baxımından qiymətləndirilə bilər.
Oqtay Qasımov hesab edir ki, bu addımlar həm əhalinin fövqəladə vəziyyətlərə psixoloji və praktiki hazırlığını artırmağa, həm də hökumətin müdafiə xərclərini yüksəltmək siyasətini izah etməyə xidmət edir.
#Oqtay Qasımov teqi istifadə olunub
