Bu ərazini tərk edin! | İsrailin əsas hədəfləri hansılardır?
İsrail Hərbi Hava Qüvvələri oktyabrın 4-də gün ərzində Livanın cənubunda “Hizbullah” radikal hərəkatının obyektlərinə yenidən zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum edilən hədəflər arasında silah anbarları, raket qurğuları və digər hərbi infrastruktur obyektləri olub.
“İsrailin Müdafiə Ordusu “Hizbullah” terror infrastrukturuna hücum etməyə və Livandakı hərbi potensialını zəiflətməyə davam edəcək”, – deyə məlumatda vurğulanıb.
Ordunun mətbuat xidməti əlavə edib ki, İsrailin şimalında pilotsuz uçuş aparatının hücumu nəticəsində Müdafiə Ordusunun 2 əsgəri ölüb, daha 24-ü yaralanıb.
Qeyd edilir ki, Yaxın Şərqdəki münaqişənin yeni mərhələsi zamanı İsrail Ordusunun ölən hərbçilərinin ümumi sayı artıq 726 nəfərə çatıb.
Bununla yanaşı, İsrailin Müdafiə Ordusu Beyrutun cənub ətrafındakı Burc-əl-Barajne bölgəsindəki bəzi evlərin sakinlərini ərazidə “Hizbullah” hərəkatının obyektlərinin yerləşdiyi üçün dərhal tərk etməyə çağırıb.
Bu barədə İsrail Ordusunun nümayəndəsi Avihay Adri sosial şəbəkədəki səhifəsində yazıb.