Burada azyaşlı qızlar hansı yolla müqəddəs ilahəyə çevrilir? - ORALARDA NECƏDİR?
“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 3518 kilometr uzaqlıqda yerləşən, özünəməxsus adətləri, dili və təbiəti olan, Himalay dağ silsiləsi ilə əhatələnən Nepal və onun paytaxtı Katmandudan bəhs olunub.
Katmandu təhlükəsiz şəhər hesab olunur. Ən böyük problemləri isə rüşvətxorluqdur. Maaşlar az olduğuna görə hər kəs daha çox pul qazanmaq üçün rüşvət alır. Amma bu amil ruhən təmizlənmək üçün bura gələn turistlərin sayını azaltmır.
Nepallılar dindardırlar. Onların hətta canlı və müqəddəs hesab etdikləri, 5 yaşındakı Kumari adlanan ilahələri var.
Kumari ilahəsi olan balaca qız məbəddə ailəsi ilə birlikdə yaşayır və o, bütün günü orada oturur.
Kumari ilahəsi vəzifəsini yerinə yetirəcək balaca qızlar ciddi müsabiqə əsasında seçilirlər. Katmandu əhalisi inanır ki, seçilən qızın daxilində müqəddəs ruh məskən salıb. Balaca müqəddəslər cinsi yetkinliyə çatana qədər Kumari ilahəsi statusuna malik olurlar. Daha sonra isə bunun üçün yeni müsabiqə elan olunur. Amma bu müsabiqə yalnız xüsusi kasta nümayəndəsi olan kiçik qızlar arasında keçirilir.
Kumari ilahəsi seçilmək üçün balaca qızlar 32 parametrə cavab verməlidirlər. Məsələn, kirpikləri inəkdəki kimi uzun, bütün süd dişləri yerində olmalı və qaranlıq otaqda səssiz oturmalıdırlar.
Namizədlərdən kim daha çox qaranlıq otaqda qala bilsə, o da Kumari ilahəsi adını qazanır. Adi və kasıb nepallı balaca qız bir anda ilahə olur və hər kəs ona ibadət edir. Qayğısız keçən bir neçə il xalqın sevgisini hiss edirlər. Vaxtı çatanda isə məbədi tərk edib, adi həyata qayıdırlar. Bu isə onlar üçün asan olmur.
Nepalda ölməyə həyatın sonu kimi baxmırlar. Bu, yeni həyatın başlanğıcıdır. Yenidən dünyaya gəlmək üçün xüsusi ritualdan keçmək lazımdır.
Katmandudakı məşhur Paşupatinakh məbədindəki krematoriyada dünyasını dəyişən insanı doğmalarının gözü önündə yandırırlar. Katmandu əhalisinin, bəlkə də, hamısı o biri həyatlarına burada belə ritual vasitəsilə keçid etməyi arzulayır. Amma bu hər kəsə nəsib olmur.
Kremasiya 132 dollar, yəni 224 manat təşkil edir. Buna pulu çatmayanlar 40 dollara, yəni 68 manata elektrikli krematoriyaya müraciət edirlər. Ritual ümumilikdə dörd saat çəkir. Üç saat ərzində dünyasını dəyişən insan külə dönür və bu kül çaya səpilir. Çay isə onu müqəddəs hesab edən Qanq çayına axıdır. İnanca görə, bu an ruh yenidən dünyaya gəlir.