Dünyanın ən böyük haker qrupu hökumətə qarşı | Gürcüstanda son vəziyyət
Dünyaca məşhur “Anonymous” haker qrupu etirazçılara dəstək olaraq Gürcüstanın hakim partiyasının saytını sındırıb. Bu barədə qrup özü açıqlama verib.
“Xəbərdarlığımıza baxmayaraq, siz etirazçılara qarşı polis zorakılığını dayandırmaq tələbimizə məhəl qoymamısınız. Vətəndaşlarınıza qarşı qeyri-insani hərəkətlərinizə görə biz də sizin bütün hüquqlarınızı pozmağa davam edəcəyik”, – deyə məlumatda qeyd olunub.
Bu arada, ölkənin paytaxtı Tbilisidə nümayişlər zamanı gənclərdən biri gözündən zədə alıb və o, dərhal xəstəxanaya çatdırılıb. Etirazçıların sözlərinə görə, həmin gənc rezin güllə ilə vurulub. Aksiyaçılar yaralananların sayının çox olduğunu, onların da tibb müəssisələrinə aparıldığını vurğulayıblar.
Paytaxtda olanlar bununla da yekunlaşmayıb. Digər hadisə isə parlamentin önündə baş verib. Aksiya iştirakçıları binanın qarşısındakı dəmir darvazaları sındırmağa cəhd ediblər. Əraziyə cəlb olunan təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı su şırnaqlarından, gözyaşardıcı qaz və bibər qazından istifadə edib.
Bütün bu baş verənlərin fonunda Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib. Bu isə o deməkdir ki, təhlükənin gücünə və ondan yayınma zərurətinə görə parlament aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, hamı binanı tərk etməlidir.
Yerli medianın yaydığı məlumata görə, sözügedən addımın atılmasında əsas məqsəd sarayda qalan insanların həyat və sağlamlığını qorumaqdır.