Gürcüstanda genişmiqyaslı etirazlar davam edir | Deputatlar “Baku TV”yə danışdı
Gürcüstanda artıq 5-ci gündür ki, genişmiqyaslı etirazlar davam edir.
Ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı Baku TV-yə müsahibə verən hakim “Gürcü Arzusu” partiyasının deputatı İrakli Kadaqişvili sözügedən qanunun əsas məqsədindən və vacibliyindən danışıb.
Onun sözlərinə görə, qanuna əsasən, büdcəsinin 20%-dən çoxu xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları ildə 1 dəfə maliyə deklarasiyası təqdim etməlidilər. Burada vəsaitin haradan gəldiyi və nəyə xərcləndiyi göstərilməlidir.
“Qanunun məqsədi şəffaflığı təmin etməkdir. Ölkə və cəmiyyət xaricdən gələn vasaitlər hesabına hansı işlərin görüldüyünü bilməlidir. Hər hansı qadağa və ya məhdudiyyət yoxdur. Bunun ümumiyyətlə heç bir fiziki şəxsə – nə tələbələrə, nə müəllimlərə, nə də hər hansı başqa şəxslərə aidiyyəti var. Bu, sadəcə təşkilatlarla bağlıdır. Bildiyiniz kimi, Gürcüstanda hər şey ictimaidir. Buna görə də təşkilatların maliyəsi də ictimai olmalıdır”, – o qeyd edib.
Müxalif deputatlar isə bunun əksini deyirlər. Belə ki, onlar qeyd edilən qanun layihəsinin Gürcüstanı Avropadan uzaqlaşdırdığını vurğulayırlar.
“Gürcüstanı avropalı dostlarından uzaqlaşdıran, ölkədə vətəndaşları bir-birinə qarşı çıxaran, Gürcüstanın Avropa İttifaqına üzvlüyünü bağlayan qanun rus qanunudur. Bu qanun 2012-ci ildə Rusiyada qəbul edilmiş qanunla tam eynidir. Bu gün bu qanun səbəbi ilə Rusiyada heç bir müstəqil təşkilat və ya media qalmayıb. Biz Avropanı, azadlıq və daha çox demokratiya istəyirik. Gürcü xalqı buna görə etiraz edir. Gürcüstanın yeri Avropadır”, – deyə müxalif deputat Paata Mancqaladze bildirib.
Qeyd edək ki, aprelin 17-də Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini 1-ci oxunuşda dəstəkləyib. Parlamentin 83 deputatı qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin qüvvəyə minməsi üçün isə parlamentdə daha 2 dinləmədən keçməlidir.