Hakan Fidan Türkiyə-Suriya münasibətlərindən danışdı
“Suriya Türkiyə ilə münasibətlərin normallaşması prosesinə hazır deyil”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli jurnalistlərə deyib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı mühüm təkliflə çıxış edib. Lakin Suriya tərəfi buna hazır görünmür və prosesin özü ilə bağlı bəzi məsələləri müzakirə etməyə hazır deyil”, – deyə Hakan Fidan bildirib.
Onun sözlərinə görə, yeni Administrasiya ABŞ qoşunlarının Suriyadan çıxarılması layihəsini praktiki olaraq həyata keçirə bilər.
“Əslində, Suriyada 800 əsgərin olması ABŞ-yə o qədər də xeyir gətirmir. Əksinə, onların regionda olması ABŞ-nin hərbi əməliyyatlarına ancaq mane olur. Çünki İrana bağlı silahlı birləşmələrə və ya İrana qarşı hər hansı bir hərəkət ona gətirib çıxarır ki, Suriya və İraqdakı bu ABŞ əsgərləri orada praktiki olaraq girova çevrilirlər”, – deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
O xatırladıb ki, ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın Administrasiyası 1-ci müddətində əsgərləri Suriyadan çıxarmağa çalışıb, lakin hərbi rəsmilərin müqaviməti ilə üzləşib.