“Hubble” teleskopunu xilas etmək olacaq? | Layihə nə üçün təhlükə altına düşdü?
35 il əvvəl "Hubble" teleskopu "Discovery" şatlı ilə orbitə buraxılıb. Ancaq əsas güzgüsündəki qüsur səbəbindən görüntülər bulanıq olub və layihə təhlükə altına düşmüşdü.
1993-cü ildə astronavtlar təmir əməliyyatı ilə bu problemi aradan qaldıraraq "Hubble"a ikinci həyat veriblər.
Sonrakı illərdə teleskopa beş dəfə texniki xidmət göstərilib, vacib avadanlıqlar yenilənib. Lakin köhnəlmə öz təsirini göstərir: ötən il "Hubble" yalnız bir giroskopla işləməyə başlayıb, hədəfləri dəyişmək üçün daha çox vaxta ehtiyac duyur.
2022-ci ildə milyarder Kared Ayzekman "Hubble"ı "Falcon 9" raketi və "Dragon" kapsulu ilə təmir və orbitə qaldırma missiyası təklif edib. NASA bu ideyanı araşdırsa da, 2024-cü ildə risklər səbəbindən imtina edib. Lakin vəziyyət pisləşərsə, agentlik yenidən bu ideyaya qayıda bilər.
Hazırda ABŞ Prezidenti Donald Tramp K.Ayzekmanı NASA rəhbərliyinə namizəd göstərib. Əgər təsdiqlənsə, "Hubble"ın xilası yenidən gündəmə gələcək.
K.Ayzekman özü də missiyanı maliyyələşdirməyə hazır olduğunu bildirib.
#Hubble teleskopu teqi istifadə olunub
