İran dronları təhlükəli deyil | İsrailli politoloqdan Tehranın hücumu ilə bağlı şərh
“İran heç bir şeyə nail ola bilmədi, bütün dünyaya göstərdi ki, texnologiyası çox geridə qalıb, fərasətsizdir. İran dronları, raketləri heç də ölkə hakimiyyətinin insanları qorxutduğu qədər təhlükəli deyil”.
Bu sözləri israilli politoloq Mixail Finkel aprelin 13-dən 14-nə keçən gecə İsraillə İran arasında baş verən hərbi münaqişəni şərh edərkən bildirib.
O əlavə edib ki, İranın atdığı raketlərdən 99%-i məhv edilib, 1%-i isə İsrailə çatmadan açıq əraziyə düşüb.
“İran gecə ərzində üzərimizə təxminən 1000 dron və ballistik raketlə hücum edib. Möcüzə sayəsində onlardan heç biri hədəfə çatmayıb. Evimin qarşısında dəfələrlə partlayış səsləri eşidildi, daha sonra məlum oldu ki, bir ballistik raket Qüds üzərində məhv edilib. İran heç də müsəlman ölkəsi kimi davranmır. Çünki Qüds müqəddəs şəhərdir, buranı atəşə tutmaq doğru deyil. Heç bir hərbi məqsədi olmayan dinc şəhərə atəş açmaq cinayətdir. Dron və raketlərin əksəriyyəti İsrailin dinc insanlar yaşayan şəhərlərinə tuşlanmışdı. Səmada vurulan dronların qalıqlarının düşdüyü ərazilərdə ərəb şəhərləri də var. Hadisə nəticəsində həmin ərazidə ərəbəsilli bir kişi və uşaq yaralanıb. Bizə dəstək olan hər bir ölkəyə minnətdarlığımızı bildiririk”, – o bildirib.
Mixail Finkelin sözlərinə görə, rəsmi Təl-Əviv Tehranın bu addımından sonra gözlənildiyi kimi qisas reaksiyası vermədi.
O əlavə edib ki, İsrail hadisəyə soyuqqanlı yanaşır və bütün planlarını ABŞ, Böyük Britaniya kimi müttəfiq ölkələrlə koordinasiya edir.
Politoloq yaxın zamanda İsrailin cavabının gözlənilən olduğunu da deyib.