İranın Şahzadə Sultan bazasına hücumunda 20-dən çox ABŞ hərbçisi yaralanıb
"ABŞ İran müharibəsindəki məqsədlərinə quru qoşunları olmadan da nail ola bilər".
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Fransada G7 həmkarları ilə görüşdükdən sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, ABŞ İranla müharibənin aylar deyil, həftələr ərzində başa çatacağını gözləyir: "Növbəti bir neçə həftə ərzində onlarla işimizi bitirdikdə, onlar yaxın tarixdə olduğundan daha zəif olacaqlar".
Rubio eyni zamanda İranın ABŞ-yə mesajlar göndərdiyini, lakin ABŞ-nin təklif etdiyi sülh planına cavab vermədiyini bildirib.
Bu arada İranın Əbu-Dabidəki sənaye zonasına raket hücumu nəticəsində beş nəfər xəsarət alıb. Bu barədə yerli media kanalı Əbu-Dabi hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. "Ələ keçirilmiş ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində beş Hindistan vətəndaşı orta və yüngül dərəcəli xəsarətlər alıb", – deyə məlumatda qeyd edilib.
İranın Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində isə 20-dən çox ABŞ hərbçisi xəsarət alıb.
