Livana olunan hücumların görüntüləri yayıldı
Yaxın Şərqdə vəziyyət gündən-günə daha da pisləşir.
Qəzzaya hücumların fonunda Livanın cənubunda baş verənlərin nə qədər acınacaqlı olduğunu sübut edən görüntülər ortaya çıxıb.
“Planet Labs”ın yaydığı peyk görüntülərində İsrailin Livanın cənubunda apardığı hərbi kampaniyanın geridə qoyduğu fəsadlar öz əksini tapıb. Şəkillərdən də aydın olur ki, SAXAL-ın hücumları ölkənin cənubunda yerləşən şəhər və kəndlərdə ciddi dağıntılara səbəb olub.
Yerlə yeksan olan bölgələrə Livanın cənub-şərqindəki Kfarkela, Meys əl-Cəbəlin cənubu və BMT sülhməramlılarının istifadəsində olan bazanın qərbindəki Labboni kəndinin ətrafı daxildir.
Xarici medianın məlumatına görə, peykdə də görünən 14 şəhər 2023-cü ildən indiyədək İsrail tərəfindən ümumilikdə 3809 hücuma məruz qalıb.
Təl-Əviv tərəfi sözügedən ərazilərdə “Hizbullah”a məxsus döyüş bölgələrinin, silah, partlayıcı maddələr və nəqliyyat vasitələrinin olduğunu iddia edib. Lakin zərbələrin endirildiyi bölgələrdə yaşayan sakinlər bu ittihamları təkzib ediblər.
Qeyd edək ki, İsrail tərəfi son bir ayda Livanın cənubuna və onun hüdudlarından kənara zərbələrini daha da intensivləşdirib. SAXAL qurudan hücum edərək bir sıra şəhərlərdə “Hizbullah” döyüşçüləri ilə toqquşmalar da yaşayıb.