Makron geri addım atır | Yeni Kaledoniyada hansı qərar verildi?
Yeni Kaledoniyada iğtişaşlar fonunda tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv ediləcək.
Bu barədə xarici media Yelisey sarayına istinadən məlumat verib.
Xəbərə görə, fövqəladə vəziyyət yerli vaxtla mayın 28-i saat 5-dən etibarən ləğv ediləcək. Asayişin qorunması üçün adaya 480 jandarm göndəriləcək.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun zorakılığın dərhal dayandırılması əmrinə baxmayaraq, bəzi bölgələrdə vəziyyət gərgin olaraq qalır. Yeni Zelandiya və Avstraliyanın hakimiyyət orqanları öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə etməyə davam edirlər.
Xatırladaq ki, adada etirazlar 1998-ci ildə Numea sazişinin bağlanmasından sonra bu ölkəyə gələn miqrantların səsvermədə iştirakına icazə verilməsini təklif edən konstitusiyaya düzəlişlərdən sonra başlayıb. Kanak xalqından olan yerli əhali ehtiyat edir ki, son 20 ildə ora köçən adanın Avropa əhalisinin bir hissəsi səsvermə hüququ qazanarsa, onlar azlıqda qala bilərlər.
Mayın 23-də Yeni Kaledoniyaya səfər edən Fransa Prezidenti Emmanuel Makron konstitusiya islahatını zorla həyata keçirməyəcəyini bildirib və siyasi partiyalara razılaşmanın hazırlanması üçün bir neçə həftə vaxt verib.