NATO Ukraynaya qoşun göndərir? | Regionda gərginlik artır
“NATO-nun müttəfiqləri Ukrayna əsgərlərinə təlim keçmək üçün Ukraynaya qoşun göndərmək niyyətindədir”.
“New York Times” nəşrinin məlumatına görə, bu addım rəsmi Vaşinqtonu və Avropa İttifaqı ölkələrini də müharibəyə sürükləyə bilər.
Bundan əlavə, Rusiyanın Xarkov vilayətində irəliləməsinin fonunda Ukraynaya qoşunun yeridilməsi regionda gərginliyi daha da artıracaq.
Qeyd edək ki, son günlərdə cəbhədəki vəziyyət kritik səviyyəyə çatıb. Vaşinqtonun Ukraynaya yardımı gecikdirməsi prosesi də Rusiyaya müharibədə üstünlüyü özündə saxlamasına şərait yaradır. Buna görə də Ukrayna ABŞ də daxil olmaqla NATO müttəfiqlərindən bölgəyə ordu göndərilməsini xahiş edib.
Rəsmi Vaşinqton isə indiyədək “yox” cavabını versə də, ölkə rəsmiləri bu addımın atılmalı olduğunu etiraf ediblər. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun bildirib ki, bu proses tez-gec baş verəcək.
Onun sözlərinə görə, hazırda Ukraynada bu fəaliyyət həyata keçirilərsə, NATO təlimçilərinin həyatı riskə girəcək. Rəsmi Vaşinqton isə təşkilatın üzvü kimi onları qorumağa kömək etmək məcburiyyətində qalacaq. Nəticədə ABŞ münaqişəyə dolayı yolla cəlb olunacaq.
Buradan aydın şəkildə görünür ki, Fransa Prezidenti Emmanuel Makronun proqnozlarının reallaşacağı tarix çox da uzaqda deyil. Estoniya və Litva hökumətinin də E.Makronla eyni mövqedən çıxış etməsi vəziyyətin, həqiqətən də, kritik səviyyəyə çatdığını bir daha sübut edir.