Pezeşkian andiçmə mərasiminə hazırlaşır | Vədlərimə uyğun olaraq...
İyulun 30-na planlaşdırılan andiçmə mərasiminə hazırlaşan İranın yeni Prezidenti, əslən Cənubi Azərbaycandan olan Məsud Pezeşkian gələcək fəaliyyəti barədə yeni çıxışlar edib.
O, iyulun 26-da Tehrandakı konfransda bəyan edib ki, indi vədləri yerinə yetirmək vaxtıdır:
“Əl-ələ verməsək, bizim dəqiq planımız və məqsədimiz olmasa, ədalət və insaf əsasında hərəkət etməsək, verdiyimiz vədlər boşa çıxacaq. Əgər başqa cür hərəkət etsək, bu inam və ümid məyusluğa çevriləcək. Bunu bacarmaq üçün hər kəsin kömək etməsi lazımdır. Mən vədlərimə uyğun olaraq vicdanla hərəkət edəcəyəm.
Xahiş edirəm, məni çox tərifləməyin. Məni məndən böyük etməyə çalışmayın. Hamımız əl-ələ verib bütün vətəndaşlarımızın, o cümlədən kişi və qadınların, şiə və sünnilərin, kürdlərin, bəlucların, ərəblərin, qeyri-müsəlmanların haqqını vermək üçün çalışmalıyıq.
Mən bir insan olaraq gecə-gündüz xalqa və İrana xidmət etməyə çalışacağam, ədalət və insafdan kənar heç bir iş görməyəcəyəm. Bu ədaləti həyata keçirmək üçün isə islahatlara ehtiyacımız var. Biz yalan danışmayacağıq, namuslu olub İrana vicdanla xidmət etməyə çalışacağıq, elm və biliyə əsaslanan yolla gedəcəyik”.
Məsud Pezeşkian onu da vurğulayıb ki, İran əhalisi problemlərin həlli üçün birləşməyə məcburdur.
"İqtisadi problemlər, sanksiyalar və mübahisələr var. Biz əl-ələ verib problemləri həll etməliyik və əlimizdə olanlara əsaslanıb yeni plan qurmalı, yeni davranışlar göstərməliyik”, – deyə o bildirib.
Onun sözlərinə görə, islahatlar bütün xalq üçün ədalətin bərqərar olacağı və bütün insanların bu imkanlardan istifadə edə biləcəyi yolla getməkdir.