Qərbdən Rusiyaya qarşı sərt addım | Putinin planı nədir?
Rusiya rəhbərliyi sülh danışıqlarına razılıq verməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalardan yayınmağa çalışır.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
Onun sözlərinə görə, Moskva Ukraynadakı müharibəni yalnız ABŞ-nin təzyiqini hiss etdikdə dayandıracaq.
“Rusiya ABŞ sanksiyalarından qaçmaq üçün dialoq təklifi irəli sürüb. Lakin Moskvanın pozulmuş vədlər və sazişlər tarixçəsi Atlantikanın hər iki tərəfində dərin etimadsızlıq yaradıb”, – deyə Kallas vurğulayıb.
Bu arada, NATO-nun baş katibi Mark Rütte hesab edir ki, Alyaskada keçiriləcək ABŞ–Rusiya sammitinin nəticəsindən asılı olmayaraq Ukraynaya silah tədarükü davam edəcək. Rütte bu barədə CBS News telekanalına müsahibəsində deyib.
“Artıq ilk iki paket var. Biri ilə bağlı Niderland, digərinə isə Skandinaviya ölkələri öhdəlik götürüb. Yaxın günlərdə və həftələrdə yeni açıqlamalar gözləyirəm. Bu son dərəcə vacibdir”, – deyə Rütte əlavə edib.
