Rus ekspertlərdən Paşinyanın məhvə aparan açıqlamalarına reaksiya
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna verdiyi anti-Rusiya mövqeli müsahibəsi ilə yenidən gündəmə gəlib.
Hökumət rəhbəri çıxışında bildirib ki, Ermənistan obyektiv və subyektiv səbəblərdən yalnız Rusiya ilə əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və müdafiə əlaqələrini artıra bilməz. Onun sözlərinə görə, əvvəllər Ermənistanın müdafiə sektorunda əlaqələrin 97%-i Rusiya ilə bağlı idi. Lakin indi bu, mümkün deyil.
Paşinyanın fikirlərini Baku TV-yə şərh edən rusiyalı hərbi ekspert Yevgeni Mixaylov hesab edir ki, hökumət rəhbərinin açıqlamaları Ermənistanı məhvə aparır:
“Nikol Paşinyanın səsləndirdiyi fikirlərin bir məqsədi var: Rusiya ilə müttəfiq əlaqələrini tamamilə kəsmək və gələcəkdə Ermənistanda NATO-ya məxsus hərbi baza yaratmaq. Hazırda Paşinyanın qarşısını alan bəzi məqamlar var, Ermənistanın Rusiyanın hesabına qazandığı iqtisadiyyat və siyasət.
Rəsmi Moskva Ermənistanı həqiqətən Rusiyasız qoyduğu zaman, daha ciddi addımlar atdığı zaman Paşinyan başa düşəcək ki, Rusiyasız Ermənistan heçnədir. İndi Rusiyaya qarşı danışanlar unutmamalıdırlar ki, Azərbaycanın qalib olduğu 44 günlük Qarabağ müharibəsi zamanı üçtərəfli bəyanat olmasaydı, Ermənistan daha acınacaqlı vəziyyətə düşərdi.
Bunlara baxmayaraq, biz minnətdarlıq eşitmədik, əksinə günahlandırıldıq. Ermənistanın bundan sonrakı addımları regionda sabitliyi pozmağa, bölgəyə xarici qoşunların cəlb edilməsinə, Rusiya və Azərbaycan sərhədlərində xaus yaratmağa köklənib. Amma onlar bilməlidirlər ki, Rusiya və Azərbaycan müttəfiq dövlətdirlər, prezidentlərimizin çox yaxşı münasibətləri var. Moskva Bakı ilə birlikdə istənilən vəziyyətdən çıxış yolu tapacaq”.