Trampdan sensasiya yaradacaq savaş anonsu | İndi xalq bilməlidir ki...
“Yenidən hakimiyyətə gələrəmsə, bir çox islahatlar qaçılmazdır. Amerikanı əvvəlki nüfuzuna qovuşduracağam”, – deyən ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında qalmaqallı açıqlamalar verib.
Sabiq prezidentləri tənqid etməyi unutmayan Tramp onların siyasi səhvlərini də düzəldəcəyini iddia edib. O, gah Kanada mövzusuna toxunub, gah da Meksika sərhəddindəki özbaşınalıqlardan gileylənib.
Tramp bir neçə gün əvvəl dünyasını dəyişən ABŞ-nin 39-cu prezidenti Cimmi Karteri də səhvə yol verən prezidentlər siyahısına daxil edib:
“Panama kanalı müqaviləsi böyük bir səhv idi. Həmin kanalda baş verənlər biabırçılıqdır. Cimmi Karter bu kanalı panamalılara 1 dollara verdi. Əvəzində onlardan yaxşı rəftar gözləyirdi. Bu kanal bizim ölkənin tarixində indiyə qədər həyata keçirilmiş ən bahalı layihələrdən biridir. Amma ən böyük maddi itkimiz də hesab oluna bilər. 1 trilyon dollardan çox vəsait havaya sovruldu. 38 000 insan malyariyadan öldü. Karter bu faktlara baxmayaraq, “arada sövdələşmə var, onlar bizə ədalətli davranmalıdırlar, donanmalarımıza güzəşt etməlidilər” deyirdi. Digərləri bizə gülür, bizi axmaq sayırlar. Cimmi Karterin ölümünə görə Panama kanalını gündəmə gətirmək istəmədim. Amma indi xalq nəyin səhv, nəyin düz olduğunu bilməlidir”.
Tramp eyni zamanda sözügedən kanalın və Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı sualı da cavablandırıb və bu məqsədə çatmaq üçün hərbi gücdən istifadəni istisna etməyib.
“Panama və Qrenlandiya ABŞ-nin iqtisadi təhlükəsizliyi üçün lazımdır. Panama kanalı bizim üçün tikilib. Ona pulu da biz vermişik. Panama kanalını Çinə vermədik. Ümumiyyətlə bizlə birləşmək həmin ərazilərdə yaşayan insanların maraqlarına xidmət edə biləcək təklifdir. Qrenlandiya da bizə milli təhlükəsizlik məqsədləri üçün lazımdır. Yerli əhali də uzun müddətdir ki, bu barədə danışır. Danimarkanın sözügedən ərazilərdə sözünü keçirməyə hüququ varmı? Əmin deyiləm. Baş verənləri görə bilmək üçün durbinə ehtiyacımız yoxdur. Hər yerdə Çin gəmiləri var, buna imkan verməməliyik. Amma daha postuma əyləşməmişəm deyə, təəssüf ki, lazımi addımları ata bilmirəm”, – ABŞ Prezidenti əlavə edib.