Ukrayna Aİ-yə daxil olacaq?
"Avropa İttifaqı gələcək sülh sazişində təsbit edilməsi planlaşdırılan Ukraynanın blokda üzvlüyünü rəsmiləşdirmək üçün eyni vaxtda bir neçə variant hazırlayır".
Bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
"Nəzərdən keçirilən variantlar arasında Kiyevin dərhal müdafiə olunması və ittifaq üzvlərinə verilən bəzi hüquqlara dərhal çıxış əldə etməsi var. Eyni zamanda blok Ukraynaya rəsmi prosedurun icrası üçün zəruri addımların yerinə yetirilməsinə dair dəqiq müddətlər təqdim edəcək", – deyə mənbələr nəşrə bildirib.
Digər variantlar Ukraynanın Aİ-yə mövcud daxilolma prosesinin davam etdirilməsini, yaxud keçid dövrünün təyin edilməsini və ya Kiyevin birliyə tədricən üzvlük prosesinin təşkilini nəzərdə tutur.
Avropa Komissiyasının nümayəndəsi "Bloomberg"ə bildirib ki, Ukraynanın Aİ-yə daxil olması Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh sazişi müzakirələrinin bir hissəsidir. Hazırda Avropa İttifaqı bloka qoşulma ərəfəsində olan namizəd ölkələrlə sıx əlaqələri gücləndirir.
Nəşr xatırladıb ki, Ukraynanın 20 bəndlik sülh planı layihəsi onun 2027-ci ildə Aİ-yə üzv olmasını nəzərdə tutur və bu zaman Kiyev aralıq dövrdə üzvlüyün bəzi üstünlüklərini əldə edəcək. 2025-ci ilin dekabrında yayılmış məlumata görə, sülh sazişi bağlanacağı və müharibə dayandırılacağı təqdirdə, Ukrayna 2027-ci il yanvarın 1-nə qədər Avropa İttifaqına daxil olacaq.
#Avropa İttifaqı teqi istifadə olunub
