Ukrayna silah azlığından əziyyət çəkir? | Avropa Parlamenti qətnamə qəbul etdi
Avropa Parlamenti Avropa İttifaqı ölkələrini Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul edib.
Sənədin lehinə 425, əleyhinə isə 131 deputat səs verib. 63 nəfər isə bitərəf qalıb.
Qətnamədə deyilir ki, məhdudiyyətlər ləğv olunmadığı üçün Ukrayna indiki şəraitdə özünümüdafiə hüququnu tam şəkildə həyata keçirə bilmir.
Sənəddə həmçinin Ukraynaya təchiz olunan silah-sursat və hərbi texnikanın azlığı da xüsusilə vurğulanır, Avropa İttifaqı və NATO Ukraynanın hər il ümumdaxili məhsulunun 0,25 faizi həcmində silah və hərbi texnika ilə təchiz etməklə bağlı öhdəlik götürməyə çağırılır.
Qətnamənin mətnində Avropa İttifaqının Rusiya tərəfini silah və hərbi texnika ilə təmin edən ölkələrə qarşı sanksiyaları gücləndirməli olduğu qeyd edilir.
Sənədin müddəaları arasında Rusiyanın Aİ ərazisindəki aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi məsələsi də yer alıb.
Qətnamə ilə Aİ-yə üzv dövlətlərin üzərinə daha bir öhdəlik qoyulub. Belə ki, sənədin mətnində bu ölkələrin Ukraynaya beynəlxalq dəstəyin artırılması və münaqişənin sülh yolu ilə həllinin tapılması yollarını axtarmalı olduğu göstərilib.
Bildirilib ki, Rusiya-Ukrayna münaqişəsinin həllini nəzərdə tutan istənilən qərar və ya qətnamə istisnasız olaraq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır.