Ukraynanın gələcək aqibəti | Qərbin Kiyevə baxışı dəyişir?
"Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Avropa İttifaqına üzv qəbul edilə bilməz".
Bu barədə Almaniya Kansleri Fridrix Merts Aİ sammitinin yekunlarına dair brifinqdə danışıb.
Onun sözlərinə görə Ukrayna əvvəlcə Aİ-nin assosiativ üzvü ola, daha sonra isə tamhüquqlu üzvlük əldə edə bilər.
"Müharibə vəziyyətində olan Ukrayna kimi bir ölkə Avropa İttifaqının üzvü ola bilməz və Avropa müqavilələrinin dəyişdirilməsini tələb edə bilməz", – deyə Merts bildirib.
Bundan başqa, Polşa Prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" Ordenindən məhrum edib. Məlumata görə, qərarın verilməsinə səbəb Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi olub.
Navrotski bəyanatında bildirib ki, Polşa-Ukrayna münasibətlərində keçilməməli olan sərhədlər mövcuddur. O qeyd edib ki, Prezident ölkənin ən ali dövlət mükafatının nüfuzunu və şərəfini qorumağa borcludur.
"Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin müstəqil xüsusi əməliyyatlar mərkəzlərindən birinə "UPA qəhrəmanları" adının verilməsinə razılıq verməsindən sonra Şura ilə məsləhətləşərək onu "Ağ Qartal" Ordenindən məhrum etmək qərarı qəbul etdim", – deyə Navrotski vurğulayıb.
Məlumata əsasən, Navrotski hələ may ayında Zelenskinin bu mükafatdan məhrum edilməsini təklif etmişdi.
