Yaşlanmanı gecikdirən üsul | Həm süni ət hazırlamaq olar, həm də...
Yaponiyanın Meiji Universitetinin alimləri “Aphanothece sacrum” adlı yeyilə bilən yosunların dəri yaşlanmasının qarşısını ala biləcək xüsusi birləşmələr istehsal etdiyini aşkar ediblər.
Bu birləşmələr “saklipin A və B” adlanır və yosunlar quraqlıq kimi stres şəraitində onları sintez edir. Onların dəri üçün qoruyucu və bərpaedici xüsusiyyətlərə malik olduğu müəyyən olunub.
Saklipinlər insan dərisində kollagen və hialuron turşusunun istehsalını artırır. Bu birləşmələr ultrabənövşəyi şüalanmanı udur, dərinin fotoyaşlanmasının qarşısını alır.
Saklipinlər melaninin istehsalını idarə edən tirozinaz fermentini bloklayır və həddindən artıq piqmentasiyanın qarşısını alır. Bu yosunun sənaye üsulu ilə yetişdirilməsi vasitəsilə yaşlanmaya qarşı təbii və ucuz kosmetik vasitələrin hazırlanması mümkün ola bilər. Bu kəşf təbii tərkibli kosmetika tələbinin artdığı dövrdə əhəmiyyətli bir irəliləyiş kimi də qiymətləndirilir.
Qeyd edək ki, bundan əvvəl aparılan tədqiqatlar yosunların biotexnologiyada, o cümlədən qida istehsalında və süni ət yetişdirilməsində də uğurla istifadə edilə biləcəyini göstərib.