Yaxın Şərqdəki müharibədən dəhşətli rəqəmlər | Son 1 ildə nələr baş verdi?
Son bir il ərzində İsrail ərazisinə 26 mindən çox mərmi, raket atılıb.
Bu barədə İsrail Silahlı Qüvvələrinin Mətbuat Xidməti İsrail-HƏMAS müharibəsinin 1 illiyi ilə bağlı məlumat yayıb.
Bildirilir ki, bir ildir davam edən hərbi əməliyyatlar zamanı sözügedən raket və PUA-ların təqribən 13 200-ü Qəzza zolağından, 12 400 isə Livandan buraxılıb.
Bununla yanaşı, 400-ə yaxın hava hücumu İrandan, 180-i Yəməndən və 60-ı Suriyadan ölkə ərazisinə edilib.
Eyni zamanda qeyd olunub ki, İsrail Ordusu il ərzində Qəzza zolağında 14 minə yaxın terrorçu zərərsizləşdirib.
“Bundan əlavə, Qəzzada HƏMAS-a məxsus 4700 tunel və raket buraxılışı üçün nəzərdə tutulan mindən çox meydança dağıdılıb. Ümumilikdə İsrail Qəzzadakı hədəflərə 40 300 yaxın aviazərbə endirib”, – deyə məlumatda qeyd olunub.
1 ildir davam edən qarşıdurmalarda Qəzzada azı 40 min dinc sakinin öldüyü bildirilib, İsrail tərəfi isə itkilərinin dəqiq sayını açıqlamır.