Atası görüb ki, qızı quyuya düşüb, sonra... | Cəlilabaddakı bədbəxt hadisənin təfərrüatı
Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.
Məlumata görə, avqustun 14-də 43 yaşlı Həsənağa Məmmədov 15 metrlik su quyusuna düşən qızı, 20 yaşlı Nəsibə Məmmədovanı oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.
Hadisə vaxtı evdə heç kim olmadığından qızın quyuya düşməsindən dərhal xəbər tutmaq mümkün olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdə övladının ayaqqabılarını quyunun önündə görüb və su şlanqı ilə ora düşməyə çalışıb.
“Qız quyuya düşüb, atası gəlib ki, qızını xilas etsin, o da quyuya düşüb. Quyu dərin olub, hava çatışmayıb. Atası xilas edə bilməyib, ikisi birlikdə quyuda rəhmətə gediblər”, – mərhumun qohumu söyləyib.
Ailənin biri qız, biri oğlan olmaqla iki övladı var idi. Hadisə baş verən gün isə evin xanımı müalicə üçün Bakıda olub. Ata və qızı Moranlı kənd qəbiristanlığında dəfn ediliblər. Qeyd edək ki, nişanlı olan Nəsibə Məmmədovanın payızda toyu olacaqdı.