Cəlilabadda ikimərtəbəli evdə güclü yanğın | İçəridəkilər belə xilas edildi
Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən ikimərtəbəli yaşayış evində yanğın baş verib.
Hadisə zamanı evdə iki azyaşlı uşaq olub. Uşaqlardan biri – 11 yaşlı Amil hadisə zamanı qaçaraq xilas olub, digəri 5 yaşlı Ruqəyya Xəyyam qızı İsmayılova isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb.
Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri yanğına müdaxilə edərək ilk növbədə uşağı xilas ediblər və azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə zamanı ana Rzayeva Samirə işdə olub.
Ümumi sahəsi 338 kvadratmetr olan ikimərtəbəli evin cəmi 80 kvadratmetri qorunsa da, içəridə olan bütün əşyalar və evin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.