Goranboyda ev yanıb külə döndü | Ev sahibi hər şeyi danışdı
Goranboyda keçmiş məcburi köçkünə məxsus ev yanıb.
Hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
Nofəl Alışanova məxsus mənzil qəfil alovlanıb. Alovu ram etmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Zərərçəkən N.Alışanovun sözlərinə görə, yanğın baş verən zaman evdə heç kim olmayıb:
“Yanğın zamanı evdə olmamışıq, əmimgildə idik. Qonşular zəng etdi ki, eviniz yanır. Gələndə gördük ki, yanğınsöndürənlər alovu söndürüblər, ev isə tamamilə yanıb. Zal, mətbəx, digər otaq təmiz yanmışdı, ələ gələsi şey yox idi. Yanğının nədən baş verdiyini bilmirik”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, regional nümayəndəlik və Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları mənzilə baxış keçirib, müvafiq tədbirlər görüləcək.