Göyçayda qasırğa ciddi fəsadlar törədib
Mayın 31-də axşam saatlarında Göyçay rayonunda qasırğa baş verib.
Güclü külək 2 yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb. 20-yə yaxın ağac aşıb, elektrik və rabitə naqilləri qırılıb. Həmçinin bir neçə avtomobilin üstünə ağac aşıb. Əhaliyə elektrik verilişi dayanıb.
Qasırğa 1 saata qədər davam edib. Güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları Göyçay şəhərinin mərkəzi küçələrinə dolub, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb.
Külək və güclü yağışın daha çox ziyan vurduğu küçə və prospektlərdə fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların texnikaları və canlı qüvvəsi səfərbər olunub.
TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. Qasırğa zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.