Hadisə şahidi danışdı | 6 nəfər avtobusda sıxılmış vəziyyətdə qalıb
Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Səmidağa Xudiyevin idarə etdiyi fəhlələri daşıyan “ZİL” markalı avtobus yol kənarında hərəkətsiz dayanan “KamAZ” markalı yük maşınına çırpılıb.
Hadisə şahidinin sözlərinə görə, avtobus “KamAZ”ın arxasında sıxılmış vəziyyətdə qalıb. O bildirib ki, hadisə yerinə yaxınlaşandan sonra təxminən 1 saata yaxın yol bağlı olub.
Qəza nəticəsində avtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova dünyasını dəyişib.
Qəzanın baş verdiyi ünvana 5 təcili tibbi yardım briqadası cəlb olunub. 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı açıqlamada bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAZ” markalı yük avtomobili və “ZİL” markalı mikroavtobus toqquşub, altı nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.