Qadınları şantaj edən haker hakim qarşısında | Təqsirləndirilən şəxs danışdı
Müxtəlif sosial şəbəkələr üzərindən paytaxtla yanaşı, bölgələrdən də olan qadın istifadəçiləri şantaj edərək onların pulunu ələ keçirməkdə təqsirləndirilən 19 yaşlı haker Yaşar Məmmədovun cinayət işinin məhkəmə istintaqının növbəti baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülən şantajla bağlı ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkənlərə qarşı heç bir hədə-qorxu gəlmədiyini vurğulayaraq onlardan əldə etdiyi pulları xanımlara məxsus müxtəlif sifarişlərin həyata keçirilməsi ilə bağlı aldığını deyib.
Bununla da o, zərərçəkən xanımlara müxtəlif veb-xidmətlər göstərdiyini iddia edərək ona qarşı irəli sürülən 9 epizodun heç biri üzrə özünü təqsirli bilməyib.
Araşdırma zamanı məlum olub ki, Yaşar Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini həmin hesablarda müxtəlif formalarda paylaşıb.
Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara "Roman" adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun haker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
İstintaq zamanı Yaşar Məmmədovun respublikanın digər şəhər və rayon sakinlərinə qarşı da analoji cinayətlər törətdiyi müəyyən edilib. Ona qarşı hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham irəli sürülüb.