Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlılara hökm oxundu
Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan 13 nəfər Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə hökm oxunub.
Hökmə əsasən, Şəmil Abdullayev, Murad Ağamətov, Murad Quliyev, Fərhad Rüstəmov, Sultan Sultanov, Nəcməddin Hüseynov, Hikmət Mahmudov, Mais Əliyev, İsmayıl İsmayılov, Şəhriyar Babayev, Hacı Muradov, Əlövsər Baxışov və İntiqam Əsədovun hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror ittiham olunanların hər birinin törətdikləri əmələ görə ayrı-ayrılıqda 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Suriyada dini radikalizm zəminində gedən döyüşlərdə iştirak edən və Azərbaycan vətəndaşlarından ibarət dəstə üzvlərinin yerinin müəyyən edilərək ölkəyə gətirilməsi təmin olunub.
13 nəfərdən ibarət dəstə üzvləri Suriyanın İdlib şəhərində “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində fəaliyyət göstəriblər. Onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.