Qobustan-Səngəçal yolunda faciəvi qəza | ADY-dən son dəqiqə məlumatı
Oktyabrın 29-da axşam saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər qəfil qatarın qarşısına çıxıb.
Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsalar da, hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
“ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqlıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir”, – deyə ADY bəyan edib.