Yaşayış binasındakı yanğınla əlaqədar klinika direktoru həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında üç nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs həbs edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, noyabrın 21-də baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.
Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Eyni zamanda istintaqla hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “Taxes Group” MMC-nin qanuni təmsilçisi, direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
#Baş Prokurorluq teqi istifadə olunub
- Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV
- Bakıda Azərbaycan və Rusiya baş prokurorlarının ikitərəfli görüşü keçirildi - Baku TV
- “Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır” | İƏT-ə üzv dövlətlərin rəsmiləri Bakıda
- İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi
- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV
